Bəxtiya Vahabzadə – Gülüstan

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət…
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?

Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Bağrı köz-köz oldu “Yanıq Kərəmin”
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
“Bu isə qol qoyan qollar sınaydı”.

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən
“Can qardaş” deyirəm, o da “can” deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

“Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı”.

1959